Altay Hacıyev

Hacıyev Altay Əmir oğlu 2 aprel 1931-ci ildə  Bakıda anadan olmuşdur. O, 1951-ci ildə  Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra Kiyev Rəsssamlıq İnstitutunun “Qrafika” fakültəsinə qəbul olmuş və 1959-cu ildə təhsilini başa çatdırmışdır. Rəssamın diplom işinin mövzusu Azərbaycan inqilabi hərəkat tarixindən götürülmüş linoqravuralar seriyasından ibarətdir.

Altay Hacıyevin 1961-ci ildə Ümumittifaq sərgisində “Bakı” seriyasından olan rəngli linoqravurlər silsiləsinə aid olan “V.İ.Lenin adına meydanda”, “Vertolyot stansiyasında”, “Bürkülü Gündə”  əsərləri nümayiş etdirilmişdir. Rəssamın 1963-cü ildə digər linoqravurlər seriyasından olan  “Xəzər” silsləsi “Müasirlərimiz” adlı sərgidə nümayiş olunmuşdur. Rəssamın dörd qravürdən ibarət olan bu seriyada rəssam dəniz neftçilərinin qəhrəmanlığını tərənnüm etmişdir. Rəssamın “Küləyə qarşı”, “Sahildən uzaqlarda”, “Dənizin vüqarı” kimi qravürləri dəfələrlə xarici sərgilərdə nümayiş etdirilmişdir. O, “Xəzər” seriyasından sonra çoxrəngli linoqravürə müraciət etmiş və beş tablodan ibarət “Səma sakitdir” silsiləsini yaratmışdır. Bu silsilə Bakıda açılan Respublika sərgisində, sonra isə Moskvada Ümumittifaq sərgisində nümayiş etdirilmişdir. Altay Hacıyevin “Doğma təranələr” seriyasına “Bahar”, “Payız”, “Ceyranlar”, “Mahnı” və s. qravürlər daxil olmuşdur. Onun digər əsərləri sırasına “Bakı neft mədənlərində nümayiş”, “Gəncədə kəndli üsyanı” və s. daxildir.

Altay Hacıyevin dəzgah qrafikası əsərləri sırasına bahar bayramı münasibəti ilə kütləvi tirajla  miniatürləridə qeyd etməliyik. O, E.Mejelaytisin “İnsan”, N.Xəzrinin “Sumqayıt Səhifələri”, Q.Mehdiyevin “Maraqlı əhvalatlar” və s. kitablarına illüstrasiyalar çəkmişdir. Rəssamın “Koroğlu” dastanına işlədiyi illüstrasiyaları rəngli linoqravürlərdən ibarətdir. Altay Hacıyevin R.Məmmədovla birlikdə yaratdığı “Azərbaycan” adlı mozaik panno (1967-ci il) monumental əsərlərdəndir. Rəssamın A.Ağamalarovla birlikdə hazırladığı, üzərində müxtəlif  təsvirlər olan mərmər lövhələr metropolitenin “İçəri Şəhər” (“Bakı Soveti”) stansiyasının yeraltı vestibülünü bəzəmişdir. Rəssamın əsərləri sırasına “Sara xatun”, “Uzun Həsən” “Eldəniz Atabəy”, “Möminə xatun”, “Fətali xan Qubalı”, “Natəvan”, “Quşlarla söhbət” kimi tablolar daxildir. Altay Hacıyevin qrafika əsərləri Kanada, Norveç, Hindistan, İran, Suriya, Macaristan, Çexiya kimi bir sıra xarici ölkələrdə sərgilənmişdir. Altay Haciyevin iştirak etdiyi sərgilərə nümunə kimi 4 qrafik rəssamının birgə sərgisi (Moskva.1978), “Natəvan- Şuşa” sərgisi (Bakı.1991), “Füzuli Dünyası – 500” sərgisi (Bakı.1995), “Azərbaycan ulduzları” sərgisi (Bakı. 2001), Yubiley sərgisi (Bakı. 2006), “Şərqdən – Şərqə” bədii sərgisini (Bakı. 2008) qeyd etmək olar. Rəssam 1959-cü ildə Kiyev Dövlət Rəssamlıq İttifaqının üzvü, 1967-ci ildə Azərbaycan Dövlət Mətbuat Komitəsinin baş rəssamı olmuşdur. Altay Hacıyev 1968-ci ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1995-ci ildə isə “Füzuli Dünyası – 500” “Humay” mükafatı ilə təltif olunmuşdur. Altay Hacıyev 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri  adına, 2002-ci ildə isə  Xalq rəssamı fəxri adına layiq görülmüşdür.

Biz sizə  “Emalatxanada görüş” adlı layihənin növbəti mərhələsində gənc sənətşünasların iştirakı ilə baş tutan  görüşlərdəki müzakirələrə dair  hazırladıqları yazı materiallarını təqdim edirik .

Milli rənglərə bələnmiş aləm- Altay Hacıyevin yaradıcılığı haqqında

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” adlı layihə çərçivəsində baş verən növbəti görüşümüz Azərbaycan təsviri sənətinin tanınmış simalarından biri, milli rəngkarlıq və qrafika sənətlərinin inkişafında əvəzedilməz rolu olan sənətkarlarımızdan olan Altay Hacıyevlə oldu. Bu təcrübə nəticəsində rəssamın milli-bədii axtarışlarla zəngin yaradıcılığı haqqında ilk ağızdan dolğun məlumat aldıq. Görkəmli fırça ustasının müəllifi olduğu hər bir lövhədə xalqımızın tarixinin, milli ruhunun və dəyərlərinin izləri hökm sürür. Yüksək peşəkarlıqla fırçaya alınan və tarixi bilgilərlə dəstəklənərək yerinə yetirilən  bu tablolar əlvan rəng palitrası və poetik motivlərlə yadda qalır. Ulu keçmişə sahib olan tariximizin xalqımıza bəxş etdiyi vacib şəsiyyətləri kətana dərin bilgilər işığında köçürən Altay Hacıyev onların bədii obrazlarını yüksək ustalıqla yerinə yetirməyə müvəffəq olmuşdur. Belə əsərlər arasında öz orijinal bədii ifadə tərzi ilə seçilən “Dədə Qorqud”, “Sara xatun”, “Nətavana ithaf”, “Ağabəyim ağa”, “Qönçəbəyim”, “Məshəti Gəncəvi”, “Xurşudbanu Natəvan”, “Tomiris”, “Məhəmməd Füzuli”, “Həmidə xanım Cavanşir və Cəlil Məmmədquluzadə”, “Fətəli xan-birlik arzusunda”, “Həcər”, “İzzət Orucova” və başqa lövhələr milli-bədii irsimizin təbliğ edilməsi baxımından olduqca dəyərlidir.Rəssamı yaratmaq eşqi bu gün də ona ilham verir və təsviri sənətimizi yeni sənət inciləri ilə zənginləşdirməyə davam edir. Altay Hacıyevə yeni yaradıcılıq axtarışları və uğurları arzulayırıq.

Kərimli Nərmin

 

 

Duyğular ifadəçisi

Əsrlər boyu təsviri sənətdə insan hisslərinin ifadəsini verməyə çalışan sənətkarlar,yaratdıqları tablolarında rənglər vasitəsilə bu ifadələri tamaşaçılara çatdırırlar.Müasir Azərbaycan təsviri sənətində bu deyilənləri öz yaradıcılığında əks etdirən rəssamlardan biri də Altay Hacıyevdir.Rəssam 1931-ci ildə Bakıda görkəmli rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açmışdır.1951-ci ildə Əzim Əzimzadə adına rəngkarlıq məktəbini, daha sonra  isə Kiyev Dövlət  Rəssamlıq İnstitutunu bitirmişdir.Azərbaycanın xalq rəssamı və bir çox mükafatlara layiq görülmüşdür.Altay Hacıyevin yaradıcılığı bir sıra özünəməxsus cəhətləri ilə diqqət çəkir. Öz yaradıcılığında şərq və qərb ənənələrini sintez şəkildə, rənglərin parlaqlığından istifadə edərək yaratdığı kompozisiyalarla təsviri sənətimizdə öz adını qızıl hərflərlə yazdırmışdır. Rəngkarlıq əsərlərinin ana xəttini isə şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir.

Rəssamın “Novruz” adlı kompozisiyasında uzun saçlı gözəl xanımın əlində bayram xonçası,çiçək açan ağaclar və yaz fəsli təsvir olunmuşdu. Əsərdə al-əlvan rənglərdən istifadə etməklə rəssam bayramın gözəlliklərini əks etdirmişdir.Obrazın geyimi,onun detalları,sevincli, gülərüz və dinamik formada verilməsi tamaşaçının diqqətini cəlb edir.

“Son sərhəddə” adlı rənglərin kədəri adlanan nümunədə isə insanın son mənzilə yola salınması, tutqun qaranlıq bir hava  və qəmli baxışları ilə seçilən, düşüncəli arxaları tamaşaçıya çevrilən kütlə təsvir olunmuşdur. Altay Hacıyev bu əsəriylə həyat və ölüm arasındakı situasiyanı sərhəd adlandıraraq kompozisiyada öz rəngləriylə ifadə edir.

Altay Hacıyevin tarixi janrda işlədiyi “Şeyx Şamil “ əsərində isə rus müstəmləkəsinə qarşı mübarizə aparan, muridizmin banisi olan bir obrazı və döyüşə, hücuma keçən  bir səhnə təsvir olunmuşdur. Uca dağ,sıldırım qayalıqlar,alınmaz qalanın təsvir etməklə rəssam bu tarixiliyi əks etdirir. Atların dinamikliyi, obrazların dəqiqliyi və üzlərindəki qəhrəmanlıq, cəsurluq tamaşaçını cəlb edir.

“Aşıq Pəri. Dağ çiçəyi” kompozisiyasında təbiət və Pərinin daxili aləminin gözəlliyi vəhdət təşkil edir.Gözəl geyimli,ucaboy Pəri sanki gülü iyləyərək təbiətin qoxusundan ilhamlanır.”Aşıq qadınlar” adlı rəngkarlıq nümunəsində isə rəssam şəlalənin ətrafında oxuyan aşıq xanımların ifası canlanıb,milli geyimdə sinələrinə saz alıb ifa edən aşıqlar,küləyin,şəlalənin səsiylə öz ifalarını daha da canlandırırlar.Kompozisiyada məkan həlli,obrazlarda verilən emosiya və rənglərin axıcılığı əsərin maraqlı anlarından biridir.

“Bahar ovqatı “ adlı rəngkarlıq nümunəsində isə təravətli yaz fəsli,təbiətin gözəli olan ceyran və gənc xanım obrazı bir-birini tamamlayır.Rəssam arxa fonda uca dağların dumanlı vəziyyətini,günəşin çıxmasını təsvir etmişdir.Ön hissədə isə gənc,bahar ovqatlı,xanımın  təbiətə baxaraq kitabı vərəqləməsi və qarşısındakı elementlərlə bəzənmiş su qabından bulaq suyu içməsi isti rənglər vasitəsilə obrazlı şəkildə tamaşaçının qarşısında səhnə kimi verilir.

“Bulaq başında” adlı kompozisiyasında Altay Hacıyev kəndlərdə olan bulaqdan su götürmə səhnəsini öz fırçasıyla canlandırmışdır.Rəssam xanımların arxa fonunda onların daxili aləmi kimi gözəl olan təbiət təsvir etmişdir.”Dilək ağacı”  bu əsərdə isə öz arzusuna çatmaq istəyən xanımın kövrəlməsi və əlləri ilə üzünü tutması,ağacın isə arzu lentləriylə bəzənməsi əks olunmuşdu.Rəssam burada xalqımızın hələ də bəzi inanclarını göstərmişdir.

“Keçmişdən səhifələr.Lay-lay” bu kompozisiyada öz körpəsinə lay-lay oxuyan ana və beşikdə yatan övladı təsvir olunmuşdur.Rənglər,işıq-kölgə və məkan həlli bu tablo üçün xarakterikdir.Sənətkar  əsərlərində qadını-ana,siyasətçi və vətən uğrunda çarpışan monumental obraz kimi tamaşaçıya təqdim etmişdir.

Qarabağı xatırladan xarıbülbül təsviri insanı kövrəldir,sanki bu gül küsmüşdür.Rənglərin parlaqlığı belə onun əhvalını çatdırmır.Hələ də xarıbülbül öz doğma Şuşasında bitmək istəyir. Altay Hacıyev duyğular rəssamıdır,öz fırçasıyla rəngləri kətan üzərində əks etdirərək  insanın necə əhval-rühiyyədə olmasını tamaşaçıya çatdırır.

Emil Ağayev-sənətşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi

Xalq rəssamı Altay Hacıyev

XX əsr Azərbaycan təsviri sənətini zənginləşdirən istedadlı sənətkarlardan biri də Altay Əmir oğlu Hacıyevdir.

Xalq rəssamı Altay Hacıyev 1931 – ci ildə Bakıda rəssamlar ailəsində dünyaya göz açmışdır.Atası Əmir Hacıyev,dayısı Arif Ağamalov, xalası Bədurə Əfqanlı da rəssam olub.Rəssam Altay Hacıyev  Bakıda və Ukraynada mükəmməl ixtisas təhsili alıb.Onun yaradıcılığı çoxşaxəli olmaqla, rəngkarlıq, qrafika  və monumental bədii tərtibat sənətini də əhatə edir.

Suraxanıdakı “Atəşgah” restoranının, Bilgəhdəki kardioloji sanatoriyanın, Bakıda “Neftçi” futbol komandası binasının monumental bədii tərtibat işləri rəssamın zəngin yaradıcılıq əməyinin bəhrəsidir.

Altay Hacıyev yaradıcılığının böyük bir hissəsini kitab qrafikası təşkil edir. Neçə – neçə kitaba bədii tərtibat verib, bir çox əsərlərə illüstrasiyalar çəkib.Bunlara misal olaraq,  S.Rəhimovun  “Mehman”, M.F.Axundzadənin “Hekayəti – xırs – quldurbasan”, milli qəhrəmanlıq dastanı olan “Koroğlu”, “Nəsimi lirikası”  və başqalarını qeyd etmək olar.  Altay Hacıyevin “Koroğlu” dastanı üçün yaratdığı illüstrasiyalar bu gündə dastanın məzmununun mənimsənilməsində öz əhəmiyyətini qoruyub saxlayır. Onun miniatür sənətinə,ədəbiyyatımıza və milli adət – ənənələrə olan bağlılığı hazırladığı kitab illüstrasiyalarında öz əksini tapmışdır.

Ümumiyyətlə milli dəyərlərə olan bağlılıq rəssamın yaradıcılığının ana xəttini təşkil edir. Altay Hacıyevin “Milli məişət əşyaları” silsiləsinə aid olan linoqravürlərində isə adından da məlum olduğu kimi Azərbaycanın qədim məişət əşyalarının ,mis qabların, qılıncların,  bel kəmərlərinin özünəməxsus bədii təsvirlərini xüsusi incə zövqlə yaradıb tamaşaçının zövqünü oxşayır.Həmçinin rəssamın “Azərbaycan. Doğma nəğmələr” silsiləsinə daxil olan “Aşıqlar”, “Bahar”, “Payız”, “Ceyranlar” adlı linoqravüra əsərlərini də qeyd etmək olar.

Rəssamın yaradıcılığının əsas istiqamətindən biri də rəngkarlıq əsərləridir.O rəngkarlıq sahəsində şanlı keçmişimizi,tarixi şəxsiyyətləri və zəngin mənəviyyat xəzinəmizi tərənnüm etmişdir. “Tomris”, “Xurşudbanu  Natəvan”, “Məhsəti Gəncəvi”, “Möminə Xatun”, “Dədə Qorqud” və başqa bu cür tarixi şəxsiyyətlərin portretini yaratmışdır. Xurşudbanu  Natəvanın bir neçə portretini yaradıb.Bu obraza dəfələrlə müraciət etmiş olsa da,lakin  o özünü təkrarlamamışdır. O Xan qızı Xurşudbanu Natəvanın zərif, incə daxili aləmini rəng çalarları ilə aşılamağa çalışmışdır.  Bu obraz onun yaradıcılığında olduqca tutumlu və parlaq şəkildə öz əksini tapmışdır.

Bir çox Azərbaycan rəssamlarının yaradıcılığında “Dədə Qorqud” obrazına rast gəlmək olar. Lakin onlar içərisində bir neçəsi uğurlu alınmışdır.Həmin uğurlu işlərdən biri də Altay Hacıyevin yaratdığı “Dədə Qorqud” əsəri idi. Məhz rəssamın yaratdığı bu əsər  Dədə Qorqud obrazı kimi daha çox yayılmış və sevilmişdir.

O 1982 – ci ildə Əməkdar rəssam, 2002 – ci ildə isə Xalq rəssamı adlarına layiq görülmüşdür. Rəssamın 1987 – cildə qrafik əsərlərinin, 1991 – ci ildə “Natəvan – Şuşa”, 2011 – ci ildə “Xalqımızın ulduzları” adlı tematik, 2006 – cı ildə 75 , 2011 – ci ildə isə 80 illik yubileyinə həsr olunmuş  sərgilər keçirilmişdir.

Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında  və eyni zamnada bir sıra xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanmaqdadır.

89                                                         Sərbazova Aygün- sənətşünas

 Altay Hacıyev yaradıcılığı

1931-ci ildə Bakıda anadan olmuş Altay Hacıyev ilk rəssamlıq təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda,daha sonra isə Kiyev Dövlət Rəssamlıq İnstitutunda almışdır. Altay Hacıyev rəssam ailəsində dünyaya göz açmışdır.Atası Əmir Hacıyev Azərbaycanın tanınmış qrafik rəssamlarından olmuşdur.Rəssamlığa olan həvəsi də elə burdan qaynaqlanmışdır.

Ukraynada təhsil almasına baxmayaraq rəssamın yaradıcılığında millilik hər zaman  özünü büruzə vermişdir. Bunun nəticəsində Azərbaycan incəsənətində Altay Hacıyevin özünəməxsus dəsti xətti, üslubu vardır.Yaradıcılığında görkəmli şəxsiyyətlərə, tarixi hadisələrə geniş yer verən rəssam keçmişimizə bağlı olduğunu  bir daha sübut edir.Vətənə sonsuz məhəbbət ,milli kolorit rəssamın bütün əsərlərində aşkar hiss olunur. Həmçinin bu əsərlərin əsas mahiyyəti milli dəyərlərimizi,tariximizi təbliğ etməkdir.

Rəssamın yaradıcılığında kitab qrafikasının xüsusi yeri olmuşdur.Altay Hacıyev bir çox kitablara bədii tərtibat vermiş ,həmçinin əsərlərə illüstrasiyalar çəkmişdir. Misal olaraq M.F.Axundzadə “Hekayəti xırs quldurbasan”, S.Rəhimov “ Mehman”, Koroğlu dastanı və s. Altay HAcıyevin yaradıcılığında vacib yerlərdən birini də rəngkarlıq əsərləri tutur.Bu cür əsərlərin əsas mövzusu Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri, keçmişimizdir. Xurşidbanu Natavan, Sara Xatun, Tomris, Dədə Qorqud ,Məhsəti Gəncəvi, Mömünə Xatun və s. misal göstərmək olar.

Rəssam Xurşidbanu Natavan obrazına dəfələrlə müraciət etməsinə bamayaraq heç bir əsərində bu obraz bir-birini təkrarlamır. Yaradılan hər bir əsərdə bu obraz fərqli bir şəkildə təsvir edilmişdir. Bu obraz Altay Hacıyevin yaradıcılığında xüsusi yer tutur. Bütün bunlarla yanaşı rəssam monumental bədii tərtibat sahəsində də işlər yaratmışdır. O bir çox divar rəsmlərinin,mozaik lövhələrin müəllifidir.Misal olaraq “Lukoyl” neft şirkətinin Bakı ofisinin divarlarında işlədiyi vitrajlar  gözəl sənət əsərləridir.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin bir çox şəxsi kolleksiyalarda və xarici ölkələrin muzeylərində saxlanılır. Rəssam bir çox sərgilərin iştirakçısı olmuş,bir neçə dəfə fərdi sərgisi keçirilmişdir. 2002-ci ildə Xalq rəssamı fəxri adına layiq görülmüşdür.

 

 

Ülkər Ömərova

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma