Tofiq Ağababayev

Tofiq Ağababayev 8 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1946-1951-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almışdır. O, 1953-1959-cu illərdə Baron Ştiqlits adına Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına ali-sənaye rəssamlıq məktəbi) keramika – şüşə fakültəsində təhsilini davam etdirmişdir. Həmin illərdə yaradıcılığa başlayan rəssam dekorativ, monumental rəngkarlıq janrlarında fərqli əsərlər yaratmışdır. Rəssam 1960-ci illərdə keramika sənəti üzrə bir sıra əsərlər yaratmışdır. Onun “Azərbaycan lirikası” adlı keramik triptixi (Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunda mozaik işləri) onun ilk yaradıcılıq işlərindəndir. O, 1962-1970-ci illər özünü monumental sənətdə sınayır. Tofiq Ağababayev əsərlərində milli kolorit, əsl azərbaycanlı ruhu duyulan bir rəssamdır. Novruzun gəlişini əks etdirən “Bahar” mozaik lövhəsi buna sübutdur. Tofiq Ağababayev Bakı Dövlət Sirkinin interyerini bəzəyən “Azərbaycan sirki” mozaik lövhəsini yaratmışdır. Bundan başqa “Abşeron qoruğu”, ”Bakı nefti cəbhəyə”, ”Meşəbəyi”, “Torpağın nəfəsi”, “May”, “1945-ci il, Bakı” və s. kimi əsərlər yaratmışdır. Tofiq Ağababayev dəzgah rəngkarlığı və qrafik janrlarda da işləmişdir. Tofiq Ağababayev 1966-cı ildə Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində işləmişdir. Bakı Soveti binasının üzərindəki gerbin bərpası, bəzi heykəllərin yerləşdirilməsi, şəhərimizin simvolik açarının düzəldilməsi və s. işlər onun adı ilə bağlıdır. Rəssamın tarixi janrında olan portretlər arasında “Məhəmməd Füzuli” (1996) və “Şah İsmayıl Xətai” (2000) əsərlərinin adını çəkmək olar. Onun çəkdiyi “Sofi Həmid” (2000) və “Allahu-əkbər” (2001), “Nardaran piri” lövhələrində dini dəyərlərin tarixiləşən məqamlarına bədii görüntü verilib. Rəssamın işləri rəng cəhətdən çox millidir. Belə əsərlərdən “Ümid rəngləri”, “Sözsüz”, “Yaz mahnısı”, “Şərq motivi”, “Yaz nəfəsi” kimi əsərlərin adlarını çəkmək olar. Rəssamın fərdi sərgiləri V.Səmədova adına sərgi salonu (1994), Baki mədəniyyət sərgi salonu (1996), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetin sərgi salonu (1977), eləcədə Moskvada (2002) keçirilmişdir. Tofiq Ağababayevin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ, İngiltərə, Kanada və bir çox başqa ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır. Tofiq Ağababayevin yaradıcılığı dövlət tərəfindən daima qiymətləndirilmiş, 1981-ci ildə Azərbaycan Respublikasının “Əməkdar ali məktəb işçisi”, 1992-ci ildə Azərbacan Respublikasının əməkdar incəsənət xadimi, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı adlarına layiq görülmüşdür.

Biz sizə  “Emalatxanada görüş” adlı layihənin növbəti mərhələsində gənc sənətşünasların iştirakı ilə baş tutan  görüşlərdəki müzakirələrə dair  hazırladıqları yazı materiallarını təqdim edirik .

Rənglərlə keçən  ömür

Azərbaycan xalq rəssamı, Bakının ilk baş rəssamı olan Tofiq Məmmədəli oğlu Ağababayev 1928 – ci il sentyabr ayının 8 – də Bakı şəhərində anadan olmuşdur. Ilk rəssamlıq təhsilini 1946 – 1951 – ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almış, daha sonra isə Sankt –Peterburqda V.Muxina adına Ali – Sənaye Rəssamlıq Məktəbinin keramika – şüşə fakültəsində təhsilini  davam etdirmişdir.

Yaradıcılığının ilk illərindən öz fərdi üslubunu yaradaraq rəngkarlıq və qrafika növlərində bir çox əsərlər yaratmışdır. Eyni zamanda rəssam monumental rəngkarlıq və dekorativ  tətbiqi sənət növlərində də  bir sıra əsərlər müəllifi kimi özünü tanıda bilmişdir. Portret, mənzərə, natürmort janrlarında işlədiyi “Abşeron kəndi”, “Azərbaycan lirikası” adlı keramik triptix, “Qırmızı şlyapa”, “Köhnə Bakı mədənləri”, ”Narla natürmort”, “Füzuli”nin, “Şeyx Şamil” in, “İlyas Əfəndiyev”in portretləri və.s. əsərləri istedadlı rəssam Tofiq Ağababayevin zəngin yaradıcılığını isbat edən əyani sübutlardır.

000

Rəssam müxtəlif  yerli və xarici sərgilərdə iştirak etmişdir. Əsərləri həm  Azərbaycan da, həm də bir sıra xarici ölkələrdə Rusiya və ABŞ muzeylərində , Kanada, Türkiyə, Fransa və digər ölkələrinin şəxsi kolleksiyalarında  saxlanılır.

Tofiq Ağababayevin əsərlərində azərbaycanlı ruhu, millilik, adət – ənənələrə sadiqlik öz əksini tapmışdır. Əsasən milliliyə meyl edən rəssam bunu öz əsərlərində böyük cəsarətlə əks etdirə bilmişdir. Buna əyani sübut olaraq, “Bahar” adlı mozaik lövhəsini göstərmək olar. Burada rəssam milli bayramımız olan Novruzun gəlişini tərənnüm etmişdir. “Abşeron kəndi”, “Meşəbəyi”, “May, 1945- ci il Bakı”, “Torpağın nəfəsi” və.s. bu kimi əsərlərində rəssamın torpağa, Vətənə qarşı olan məhəbbəti, bağlılığ hissi duyulur.

Rəssam çəkdiyi əsərlərində görünməz iç dünyasının ifadəsini rənglərlə təsvir edirdi. Tofiq Ağababayevin  “Azərbaycan lirikası” adlı keramik triptixi, Dövlət Statistika  Komitəsinin  və elecə də Memarlıq və İnşaat Universitetinin idman zalındakı mozaik işləri onun yaradıcılıq uğurlarıdır.Həmçinin rəssam  Bakı Dövlət Sirkinin interyerində olan “Azərbaycan sirki” mozaik lövhəsini də yaradıb.

Tofiq Ağababayev 1966 – ci ildə Bakı şəhərinin baş rəssam vəzifəsinə təyin olunmuşdur. O paytaxtımız Bakı şəhəri üçün bir çox vacib işlər görüb. Belə ki, paytaxtımızda bəzi heykəllərin yerləşdirilməsi , Bakı Sovetinin üzərində gerbin bərpası,şəhərimizin simvolik açarının düzəldilməsi və.s.  bu kimi bir çox işlər rəssamın adı ilə bağlıdır.

Portret janrında öz dəsti – xətti ilə seçilən rəssam bir çox görkəmli şəxsiyyətlərin portretlərini yaratmışdır.Onun üç variantda işlədiyi Məhəmməd Füzulinin portretinə baxarkən Füzuli dünyasını, Füzuli poeziyasını duymaq olur. Füzulinin yaradıcılığını sonsuz hesab edən Tofiq Ağababayev onun portretini özünəməxsus şəkildə təsvir etmişdir. Bu janrda yaratdığı daha bir mükəmməl əsəri böyük sərkərdə, qüdrətli şəxsiyyət olan Şah İsmayıl Xətainin portretidir. Portret hal – hazırda İtaliyanın Florensiya şəhərindəki Üfutsi qalereyasında saxlanılır. Rəssam əsərdə tarixi şəxsiyyətin təsvirini verməklə sanki bütöv bir Azərbaycan dövlətinin qüdrətini, varlığını tərənnüm etmişdir.

888

Tofiq Ağababeyevin yaradıcılığında natürmort janrınada rast gəlmək olar. Bu janrda yaratdığı əsərləri öz zərifliyi incəliyi ilə seçilir. Adi insanın görə bilmədiyi gözəllikləri rəssam böyük ustalıqla tamaşaçıya çatdırmağa çalışmışdır.

Gözəl rəssam olmaqla yanaşı Tofiq Ağababayev  həmçinin gözəl pedaqoqdur. O dərs dediyi tələbələrinə sənətin sirlərini öyrətməklə yanaşı sənəti sevməyi, sənətlə yaşamağı tövsiyyə etmişdir. 2000 – ci illərdən rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir və Rəsm kafedrasında professor vəzifəsində çalışır. Rəssam Tofiq Ağababayevin yaradıcılığı daima dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1981 – ci ildə Azərbaycan Respublikasının Əməkdar Ali məktəb işçisi, 1992 – ci ildə Azərbaycan  Respublikasının Əməkdar incəsənət xadimi, 2006 – ci ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı adına və “Şah İsmayıl Xətai” fondunun gümüş mükafatına layiq görülmüşdür.2008 – ci ildən etibarən isə rəssam Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.

Sərbazova Aygün

 

Fırçanın can verdiyi aləm –Tofiq Ağababayevin yaradıcılığı haqqında

Azərbaycan təsviri sənətində öz milli üslubuyla əvəzedilməz yeri olan Tofiq Ağababayev yaradıcılığında hər zaman xalqımızın zəngin və qədim tarixi ənənələrindən bəhrələnmişdir. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” adlı layihə çərçivəsində sənətkarımız ilə görüşümüz oldu. Bu görüş zamanı görkəmli rəssamın bədii axtarışlarıyla bağlı bizdə maraq oyadan suallarımız dolğun və əhatəli bilgilərlə işıqlandırıldı. Milli ənənələrimizdən yararlanan T. Ağababayev çağdaş bədii tərziylə sənət aləmində təkrarolunmaz bir mövqeyə sahibdir.

Tofiq Ağababayev bədii yaradıcılığnda təsviri sənətimizin dəzgah və monumental rəngkarlığı, qrafika sənəti, dekorativ tətbiqi-sənət və s. növlərində özünü sınamış və bu cəhdlər milli irsin və ruhun tərənnüm olunduğu əsərlərlə nəticələnmişdir. Sənətkarın mövzu və təsvir vasitələrinin  tətbiqi baxımından müxtəlif və rəngarəng olan əsərlərində T. Ağababayevin Vətənə, millətə sevgi aydın sezilir. Yüksək peşəkarlıqla fırçaya alınan və milli köklərə dayaqlanaraq yerinə yetirilən  bu tablolar folklor səpkili, əlvan rəng palitrası və poetik motivlərlə yadda qalır. Belə əsərlər arasında “Bahar”, “Azərbaycan sirki” (Bakı Dövlət Sirki) mozaik lövhə, “Xanlar yolu”, “Quba”, “Bakı”,  “Köhnə Bakı hamamı”, “Abşeron kəndi”, “Abşeronda Xəzri”, “Nardaran piri”, “Köhnə Bakı mədənləri”, “May”, “Sufi Həmid, “Döyüş”, “Dəvə”, “Qız yaşıl şərf ilə”, “Qırmızı şlyapa”, “Müqəddəs yazı”, “Toy”, “Bayramınız mübarək!”, zəngin portret silsiləsi “Füzuli”, “Ş.İ.Xətai”, “Şeyx Şamil”, “Akademik Z.Bünyadov”, “İzzət Orucova”, “Dramaturq İlyas Əfəndiyev” və başqa əsərlər qəliblərə sığmaz tərzdə ifa olunmuşdur.

Kərimli Nərmin

Milli rənglər Tofiq Ağababayev fırçası ilə

 Azərbaycanın xalq rəssamı Tofiq Ağababayev  1928 – ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəsm çəkməyə böyük həvəsi olan rəssam ilk rəssamlıq təhsilini Əzim Əzimzadə adına rəssamlıq məktəbində almışdır. Burada o Kamil Xanlarov, Lətif  Feyzullayev kimi rəssamlardan dərs almışdır. Daha sonra təhsilini davam etdirərək Baron Ştiqlist adına Sankt – Peterburq  Rəssamlıq Akademiyasının şüşə-keramika  şöbəsinə daxil olmuşdur. Tofiq Ağababayev monumental dekorativ – tətbiqi sənət , qrafika və boyakarlıq sahəsində bir çox əsərlər yaratmışdır. Gənclik illəri ağır keçmiş rəssamın atası repressiya qurbanı olmuşdur.

1966-1968 illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışan Tofiq Ağababayev bu iki il müddətində şəhərdə bir çox heykəllərin yerini dəyişmiş ,həmçinin Bakı Sovetinin üzərində gerbin bərpası,  Bakının simvolik açarının hazırlanması kimi işlərin müəllifi olmuşdur.

000000

Rəssamın yaradıcılığında rəngkarlıq əsərləri üstünlük təşkil etməsinə baxmayaraq mozika sahəsində də bir çox əsərlər onun adı ilə bağlıdır. Misal üçün Dövlət Statistika Komitəsinin,Memarlıq və İnşaat Universitetinin idman salonundakı mozaika işləri, Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür  üslubda“Bahar” mozaik pannosu rəssama məxsusdur.

Yaradıcılığında xüsusi yer tutan rəngkarlıq əsərləri özünəməxsusluğu ilə seçilir.İşlədiyi hər bir tablosunda milli ruh,fərqli dəsti-xətt aydın nəzərə çarpır.Fərqli koloritə sahib olan rəssamın əsərləridə vətən sevgisi ön plana çıxarılır. Tofiq Ağababayevin yaradıcılığını yaxından izləsək hər bir əsərdə muğamımız, keçmişimizin təsirinin olduğunu görə bilərik. Rəssam yaradıcılığında müxtəlif  janrlara müraciət etmişdir.Mənzərə, natürmort, portret janrlarında işlədiyi “Köhnə Bakı mədənləri”, “Qırmızı şlyapa”, “Abşeron kəndi”, ”Narla natürmort ” və s. Rəssam öz  yaradıcılığında Azərbaycanın məşhur dövlət xadimlərinin, şairlərinin portretlərinə  geniş yer ayırmışdır. Misal olaraq “Füzuli”, “Şah İsmayıl Xətai”, “Əliağa Şıxlinski”, “İlyas Əfəniyev”,” Ziya Bünyadov”,”Ü.Hacıbəyov” və s.görkəmli şəxsiyyətləri göstərmək olar.

666

Rəssamın məşhur əsərlərindən  Azərbaycanın tanınmış hökmdarlarından biri olan Şah İsmayıl Xətaiyə həsr etdiyi tablodur. Əsərdə hökmdarın məğrur duruşu diqqəti cəlb edir. Rəssamın tabloda istifadə etdiyi rənglər mövzu ilə vəhdət təşkil etmiş və əsərin təsir gücünü daha da artırmışdır.Yaratdığı əsərlərində əsasən parlaq rənglərə müraciət edən rəssam tamaşaçıda xoş əhval ruhiyyə yaradır.Bu da rəssamın daxili dünyasının zənginliyindən xəbər verir. Müəllif öz əsərlərində əsasən qırmızı,göy,sarı çalarlara daha çox üstünlük vermişdir. Həmçinin Abşeronun qızmar günəşi,dənizin qoxusu rəssamın tablolarında gizlicə hiss olunur. Bütün bunlar Tofiq Ağababayevin yaradıcılığına böyük təsir göstəmişdir.

Tofiq Ağababayev bir çox yerli və xarici sərgilərdə iştirak etmişdir.Rəssamın əsərləri Azərbaycan Dövlət Muzeyində, o cümlədən bir çox dünya muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. 2014-cü ildə rəssamın 85 illik yubileyinə həsr olunmuş fərdi sərgisi keçirilmişdir.

Ömərova Ülkər

 

Tofiq Ağababayev

Bir çox rəssam vardır ki, onların əsərləri ilk baxışda adi görünür lakin sonra bir daha nəzər saldıqda onların dərin zəkaya, geniş dünyagörüşünə malik olduqlarını görürsən. Belə rəssamlarımızdan biri də əməkdar incəsənət xadimi, Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, xalq rəssamı Tofiq Ağababayevdir. Tofiq Ağababayev 1928-ci ildə Bakıda hərbiçi ailəsində anadan olmuşdur. 9 yaşında atası Repressiya qurbanı olur. Rəsmə olan həvəsi hər keçən gün daha da artan gənc  9-cu sinifi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin Rəngkarlıq şöbəsinə daxil olur və burada təhsil alır. Rəssam daha sonra  1953-1959-cu illərdə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının  keramika-şüşə fakültəsinə daxil olur. Burada şüşə-keramika ixtisasına yiyələnir. O illərdən yaradıcılığa başlayan rəssam monumental, dekorativ, rəngkarlıq janrlarında bir-birindən baxımlı və gözəl əsərlər yaratmışdır.

Sovet rejiminə qarşı milli ruhumuzu yaşadan rəssam öz əsərlərində cəsarətlə göstərirdi. Xalqımızı ifadə edən kolorit seçimi və Azərbaycanlı ruhu aydın şəkildə duyulur. Buna misal olaraq miniatür üslubunda olan “Bahar” adlı mozaik əsərini deyə bilərik. Novruz bayramını əks edən bu əsər baharın gəlişini təmsil edir. 1966-cı ildə Tofiq Ağababayev Bakı şəhərinin ilk baş rəssamı vəzifəsinə təyin edilir. Rəssam paytaxtımız üçün çox işlər görür. Bakı Soveti binasının üzərindəki gerbin bərpası,  şəhərin simvolik açarının düzəldilməsi, bəzi heykəllərin yerdəyişməsi və s. kimi işlər onun adı ilə sıx bağlıdır.

Tofiq Ağababayevin demək olar ki bütün əsərlərində doğmalıq var. Yaradıcılığına məhəbbətini, duyğularını qatdığı bəllidir. Rəssam Avtoportretlərini də işləmişdir. Portret janrında da o seçilməyi bacarır. Belə ki, dahi şair Məhəmməd Füzulinin 3 portretini işləmiş olan rəssam hər birində də özünə məxsus detalları əsərlərinə qatmışdır. Bu nüanslar həmçinin Şah İsmayıl Xətainin portretində də özünü büruzə verir və bu portret Ufitsi qalereyasında saxlanılır. Şeyx Şamilin, akademik Z.Bünyadovun, dramaturq İlyas Əfəndiyevin, İzzət Orucovanın portretləri də Tofiq Ağababayevin sevə-sevə işlədiyi əsərlərdəndir.

“Abşeron qoruğu”, “Bakı nefti cəbhəyə”, “Meşəbəyi”, “Torpağın nəfəsi” və s. dekorativ əsərləri diqqəti cəlb edir. Rəssamın əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının Fondunda, ABŞ-ın Nyu-Cersi muzeyində, Moskvanın, Londonun, Kanadanın, Almaniyanın, Nyu-Yorkun şəxsi qalereyalarında saxlanılır. 1964-cü ildən Azərbaycan Dövlət Teatr İnstitutunda çalışır və burada rəssamlıq fakültəsini yaradanlardan biridir. 1981-ci ildə Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi adına layiq görülmüşdür. Bakı Dövlət Sirkində “Azərbaycan sirki” mozaik lövhəsi, “Zorxana” və s. mozaik əsərləri mövcuddur. Yağlı boya ilə çəkilmiş əsərləri: “Dəvə” “Pəncərə” “Mübarizə” “Xəzri” “İsmayıllı” “Abşeronda Payız” və s.

Rəssamın yaradıcılığı rəngarəng və maraq doğurucudur. O bizə səmimiyyəti, ürəkaçan görüntüləri bəxş edir. Sənətkara bundan sonra da yaradıcılığında  müvəffəqiyyətlər arzulayırıq.

Şıxəliyeva Cəmilə

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma