Mir Nadir Zeynalov

Zeynalov Mir Nadir Mirəli oğlu  12 noyabr  1942-ci ildə anadan olmuşdur. O, Moskva Poliqrafiya İnstitutunun “Qrafika” fakültəsini bitirmişdir. Mir Nadir Zeynalov 1970-ci illərdən başlayaraq, 30 ildən çoxdur ki, Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlar nəslinə daxildir. Onun dəsti-xətti həmişə tanınır, emosional, ekspressiv tabloları öz məziyyətləri ilə daim seçilir. Kollaj və instalyasiya elementləri daha çox onun rəngkarlıq kompozisiyalarının ayrılmaz hissələrinə çevrilir.

Zeynalov Mir Nadir Zeynalov 1976-ci ildə Moskvada keçirilən  ümumittifaq sərgisində  SSRİ Rəssamlıq Akademiyasının diplomunu almışdır.Rəssam 1987-ci ildə Hindistana həsr olunmuş iki fərdi sərgisi keçirilmişdir. O, Hindistanda yaradıcılıq ezamiyyətində olaraq“Çay kənarı”, “Hind məbədi”, “Hind həyət” mənzərələrini yaratmışdır. “Hindistan silsiləsi”nə  həmçinin   bir sıra qadın portretləri “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” kimi əsərlər daxildir.  Onun “Yaz bağı” adlı əsəri  1989-cu ildə Bakıda keçirilən xəzəryani Bienallidə bürünc medalla təltif olunmuşdur. Rəssamın əsərləri Moskvada,Kiyevdə, Hyustonda, Los-Anсeles və bir çox başqa ölkələrdə nümayiş edilmişdir. Zeynalov Mir Nadir Xalq rəssamı adına layiq görülmüşdür.

Biz sizə  “Emalatxanada görüş” adlı layihənin növbəti mərhələsində gənc sənətşünasların iştirakı ilə baş tutan  görüşlərdəki müzakirələrə dair  hazırladıqları yazı materiallarını təqdim edirik .

Ürəkdən fırçaya, fırçadan kətana

MirNadir Zeynalov yaradıcılığı haqqında

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” adlı layihə çərçivəsində 11 sentyabr 2017 tarixində dəyərli rəssamımız MirNadir Zeynalov ilə görüşümüz oldu. Sənətkarla söhbətimiz zamanı rəssamın bədii axtarışlarla zəngin yaradıcılığı haqqında bizdə maraq doğuran suallarımız ətraflı və səmimiyyətlə cavablandırıldı. 60-cı illərin əvəzolunmaz nümayəndələrindən olan MirNadir Zeynalovn müxtəlif texnikalarda ifadəsini tapan əsərləri ilə təmasımız bizə yaddaşımızda silinməycək bir təcrübə yaşatdı. Abşeron məktəbinin yetirməsi olan rəssam öz daxili dünyasının bədii aynası olan tabloları ilə hər birimizin ruhuna və şüuruna işıq tutdu.

Milli dəyərlərimizin kökləri üzərində püxtələşən bu yaradıcılıq yolu rəngkarlığın Qərb istiqamətinə xas olan ifadə üsulları ilə uzlaşaraq vəhdət halında ifadəsini tapması fırça ustasının heyrət doğurucu üslubunu meydana gətirmişdir.

Təsviri sənətimizi, mədəni irsimizi zənginləşdirən dəyərli sənətkarımız MirNadir Zeynalov müxtəlif uzaq ölkələrə səfərləri zamanı bu qədim tarixə sahib mədəniyyətlərə biganə qalmamış və onların nailiyyətlərindən bəhrələnmişdir. Kamçatka, Saxalin, Hindistan, Misir, İraq, Yaponiya və başqa ölkələrin incəsənəti, təbiəti, tarixi və fəlsəfəsi haqqında dərin bilgilərin rəhbərliyi ilə rəssam öz fərdi dəst-xəttini zənginləşdirməyə nail olmuşdur. Kamçatka xalqının və Şaman mədəniyyəti ilə yaxından tanışlıqdan sonra MirNadir Zeynalov bu qədim miras əsərlərinə “mənəvi qida” olmuşdur. Əlvan rənglərlə, mücərrəd formalarla, canlı ritm, emosional və ekspressiv rəmzlərlə zəngin olan əsərlərdən “İfa”, “Külək, duman və yağış”, “İşığın yaradılması”, “Yaradıcılıq”, “Səmanın ürəyi”, “Meditasiya”, “İmperatorun taxtı”, “Uydurma” və s.  öz individual ifa tərziylə yadda qalır.

Rəssamı yaratmaq eşqi bu gün də ona ilham verir və yeni sənət inciləri yaratmağa şövq edir. Mir Nadir Zeynalov yeni yaradıcılıq axtarışları və uğurları arzulayırıq.

Kərimli Nərmin

Mir Nadir Zeynalov

Zeynalov 1970-ci illərdən başlayaraq, 30 ildən çox Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlar nəslinə daxildir. Onun dəsti-xətti həmişə seçilir və tanınır. Fərqlilik və dəyişiklik hamı tərəfindən axtarılan bir şeydi. Eyni olsaydı hər kəs sıxıcı olmazdı həyat? Mir Nadir Zeynalovda məhz belə insanlardandır. Fərqli və mənalı. Mir Nadir Zeynalov tapındığı yaradıcılıq əqidəsinə on illiklərlə sadiq qalır. Mir Nadir Zeynalov özü ilk öncə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdir. Abşeron məktəbinin nümayəndələrindən olmuşdur. O, Mir Cavad Mircavadovla, Rasim Babayevlə, Qorxmaz Əfəndiyevlə, Fazil Nəcəfovla, Nazim Rəhmanovla, Kamal Əhmədlə və b. rəssamlar ilə əməkdaşlıq etmişdir. Mir Nadir Zeynalov predmetləri öz yaradıcılığından çıxarmış və rəng qammalarını,ritimləri,teksturaları qatmışdır. Abstrakt üslubu onun rəngkarlıq yaradıcılığında aparıcı rol oynayır. Özünü əsla təkrarlamamağa çalışan rəssam öz düşüncələrinə və əsərlərinə daima yeniliklər qatır. Buzovna təbiətini çox sevdiyini bildirən Mir Nadir Zeynalov burada olan hər bir şeyin ona xüsusi zövq verdiyini deyir. Qədim Misir və Hindistan mədəniyyətinin izləri onun yaradıcılığında hiss olunur. Payız fəslinin vurğunu olduğunu bildirən rəssam həmçinin əsərlərində də buna olduqca çox yer vermişdir. . Emosional, ekspressiv tabloları öz məziyyətləri ilə daim seçilir.  Yaradıcılığında rənglərin fakturası daha da mürəkkəbləşib gözlənilməz formalar alır. O, düşüncələrini rənglər və rəng fakturası ilə ifadə edir. Kollaj və instalyasiya elementləri daha çox onun rəngkarlıq kompazisiyalarının ayrılmaz hissələrinə çevrilir. “Uşaqlıq sahili” adlı əsəri kollaj texnikasında qabarıq formada  göstərilmişdir.

Cəmilə Quliyeva

Mir Nadir Zeynalov

Yaradıcılıqlarında milli qaynaqlara tapınan “Abşeron rəssamlıq məktəbi”nin görkəmli nümayəndələrinin ənənələrini özünəməxsus forma-biçimdə davam etdirən rəssamlarımızdan biri də Xalq rəssamı Mir Nadir Zeynalovdur.

Tanışlıq üçün qeyd edək ki, 1942-ci ilə Bakıda anadan olan rəssam 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1973-cü ildə isə Moskva Dövlət Poliqrafiya İnstitutunun rəngkarlıq fakültəsini gümüş medalla bitirmişdir.

Hələ erkən yaşlarından yaradıcılıq fəaliyyətinə başlayan rəssam tələbəlik  illərində müxtəlif səpkili ölkədaxili sərgilərdə iştirak etmişdir. Onun rəssam kimi formalaşmasında görkəmli rəssam Lətif Feyzullayevin, həmçinin nümayəndəsi olduğu Abşeron rəssamlıq məktəbinin və onun görkəmli nümayəndələrinin – Cavad Mircavadovun, Qorxmaz Əfəndiyevin, Kamal Əhmədovun, Ənvər Əsgərovun, Nazim Rəhmanovun, Fərhad Xəlilovun təsiri olmuşdur. Mir Nadir Zeynalov da daxil olmaqla adını sadaladığımız rəssamların əksəriyyəti post Abşeron məktəbinin nümayəndələridir.

Yaradıcılığında ilk zamanlar fiqurativliyə, naturadan işləməyə meyl etsə də müəyyən zaman keşiyində keçid dövründə o fiqurativlikdən, predmetdən əl çəkir. Rəssamın yaradıcılığında futurizmə meyl hiss olunur.

Mir nadir Zeynalovun yaradıcılığında əsas iki prinsip özünü büruzə verir: rəssamın özünün dediyi kimi, birinci fiqurlar olmasın, ikincisi isə rəng ritmlərinin yolu idi. Bu barədə rəssam deyir: “Predmetsiz rəngkarlıq kainatdır. Onu başa düşmək, anlamaq üçün səviyyəli şəxsiyyət olmaq lazımdır”. Buradan da rəssamın əsasən Qərb incəsənətindən Pikassodan bəhrələndiyini duymaq olar.

70-ci illərin xüsusilə də Abşeron məktəbinin nümayəndəsi olmasına baxmayaraq ilk öncə realizm üslubunda çəksə də, daha sonra abstrakt əsərlər çəkməyə başladı. Tablolarında canlı rəngləri əks etdirən rəssam başlıca olaraq yaradıcılığının özəyinə spektrin əsas rənglərini əlavə etmişdir. Bu rənglər daha sonra sənətkarın sırf özünüifadəsi kimi çıxış edir. Rəssamın yaradıcılığının keçid dövrü olmamışdan əvvəl, yəni realizm üslubunda işlədiyi zamanlardakı əsərlərinə ailə üzvlərinin – babasının, ata və anasının və müxtəlif kişi portretləri və naturadan işlər aiddir. Onun Abşeron təbiətini, onun gözəlliklərini özündə əks etdirən tabloları isə olduqca gözoxşayandır. Bu əsərlərə misal olaraq “Tək ağac” (1974), “Köhnə kənd” (1989) əsərlərini qeyd etmək olar.

Rəssamın 1987-ci ildə işlədiyi “Dehli. Gecə” əsəri izləyicilərini bu gündə valeh edir. Əsər Bakıda Qız qalası Rəsm Qalereyasında sərgilənir.

Çox vaxtı rəssamların əsərlərini onların daxili aləminə açılmış işıqlı pəncərələrə bənzədirlər. Bu mənada Mir Nadir Zeynalovun yaradıcılığı müxtəlif üslub və janrlarda gerçəkləşdirdiyi tabloları insanları dərin düşünməyə, əsərə qəlbinin gözü ilə baxmasına səbəb olur.

Rəssamın əsərləri müxtəlif muzeyləri, yerli və xarici nüfuzlu kolleksiyalarda, həmçinin müəllifin şəxsi kolleksiyasında saxlanılır.

Nərmin Əmirova

ADMİU, III kurs sənətşünas


 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma