Hüseyn Haqverdiyev

Hüseyn Həsən oğlu Haqverdiyev 1956-cı ildə Ucar rayonunda anadan olmuşdur.  O, 1971-1975-ci illərdə Əzim Əzimzadə adına İncəsənət Kollecində oxumuşdur. Rəssam, həmin il Vera Muxina adına Leninqrad Ali İncəsənət Akademiyasına daxil olmuş, heykəltəraşlıq fakültəsini 1980-ci ildə bitirmişdir.

Hüseyn Haqverdiyev Azərbaycan Həvari Prefektinin baş kafedral kilsəsi olan Müqəddəs Bakirə Məryəm kilsəsindəki “Müqəddəs Məryəm” heykəlinin müəllifidir. Rəssam Səngəçal terminalının girişindəki “Xəzər dənizi əfsanəsi” əsərinin müəllifidir. Hüseyn Haqverdiyev Bakıda rəssam Cavad Mircavadovun, akademiki Mir Əsədulla Mirqasımovun vә Moskvada bәstәkar Qara Qarayevin xatirә lövhәlәrinin müәllifidir.

Onun Hindistan, ABŞ, Almaniya, Gürcüstan, BƏƏ kimi ölkələrdə sərgi və simpoziumları baş tutmuşdur. Hüseyn Haqverdiyev Azərbaycanın digər rəssamları ilə birgə “USSR-remix” layihəsi üçün hazırladığı video-art və fotokompozisiyanın müəllifidir. Eyni prinsiplərə ayrı-ayrı fraqmentlərin bütöv halda mozaik birləşməyə Hüseyn Haqverdiyevin altı hissədən ibarət “Bizim həyatımız” (“Fly to Baku”) kompozisiyasında da rast gəlmək mümkündür.

Hüseyn Haqverdiyevin iştirak etdiyi sərgilərə nümunə kimi “Qaçqınlar” (Vaşington. 1999), “Kim?” (Bakı. 2004), “Başqa Şəhər” (Bakı. 2013),    “Daş” (Bakı. 2014), “Меtаmоrfoz” (Bakı. 2014)  “Qırılma” (Bakı. 2015), “Hüdudları aşaraq” (56-ci Venesiya Biennale. 2015) göstərmək olar.

Heykəltəraşın 2014-cü ildə Özbəkistanın Daşkənd şəhərində fərdi sərgisi baş tutmuşdur.

Ona 2003-cü ildə Azərbaycanın Xalq rəssamı fəxri adı verilmişdir.

Biz sizə  “Emalatxanada görüş” adlı layihənin ikinci mərhələsində gənc sənətşünasların iştirakı ilə baş tutan  görüşlərdəki müzakirələrə dair  hazırladıqları yazı materiallarını təqdim edirik .

Rəssam Hüseyn Haqverdinin sənət fəlsəfəsi

Azərbaycan təsviri incəsənətinin inkişafında və daha da mütərəqqi ənənələrlə davam etməsində Sovet dövründə yetişmiş rəssamlarımızın rolu danılmazdır. Onu da vurğulamaq lazımdır ki, Sovet – kommunist ideologiyası milli incəsənətimizin dəyərlərinin təbliğinə maneələr törətmiş və sənətdə ideologiyaya bağlılıq məsələsi rəssamlarımızın əsl yaradıcılıq imkanlarını üzə çıxarmamağa imkan verməmişdir. Müstəqillik illərində rəssamlarımız daha kreativ ideyalar, yaradıcılıq maneralarının və texnikalarının daha da təkmilləşməsinə nail olmuşlar. Müasir fəlsəfi-konseptual tutumlu əsərlər yaradan rəssamlardan biri də Hüseyn Haqverdiyevdir (1956).

Hüseyn Haqverdiyev 1956-cı ildə Ucar rayonunda rəssam Həsən Haqverdiyevin ailəsində dünyaya gəlmişdir. Hüseyn Haqverdi 1971-75-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin “Heykəltəraşlıq” fakültəsini, 1975-80-ci illərdə isə Vera Muxina adına Ali Bədii Sənaye Məktəbinin “Memarlıq-Dekorativ Plastika” fakültəsini bitirmişdir. 1980-ci ildən sərgilərin və simpoziumların fəal iştirakçısı olan rəssam Təsviri sənətin müxtəlif növlərində qrafika, rəsm, heykəltəraşlıq əsərləri yaratmaqdadır. Təsviri sənətin müxtəlif növləri və ifadə vasitələrindən istifadə edən rəssam əsasən monumental səpgidə, iri həcmli formaları ilə seçilən əsərlərə üstünlük verir, bununla bağlı tamaşaçıya kodlaşmış vizual informasiyanı ötürərək onu düşünməyə, mülahizə yürütməyə vadar edir. Heykəltəraşlıq, qrafika, rəngkarlıq kimi təsviri sənət növləri ilə yanaşı rəssam video-art, fotoqrafiya vasitəsilə özünəməxsus şəkildə ideyalarını, sənətkarlıq eksperimentlərini təcəssüm etdirir.

Daş plastikası Hüseyn Haqverdiyevin yaradıcılığında xüsusi yer tutur. Daş dövrü (Paleolit) tarixdə uzun müddət davam etmiş, insanların məişətində, həyatında mühüm rol oynamışdır. Çingiz Babayev H.Haqverdinin “Daş” adlı sərgisinin kataloqunda “Daş ən qədim minerallardan biridir. Daş Yer kürəsinin genetik kodu saxlanmış tarixin sərt yaddaşıdır” fikri ilə bu materialın möcüzəliliyini nəzərə çatdırmışdır. Daş heykəllər müxtəlif xalqların incəsənətində, memarlığında ibtidai dövrdən müasir dövrümüzədək hər zaman insanların əldə etdikləri bilik və təcrübələri əks etdirir. Daş insan həyatında onun etiqadı, inamının göstəricisi olan məbədlərin, kult xarakterli insan və totem heykəllərdə əhəmiyyətli yer tutur. Daş əbədiyyəti, sonsuzluğu, statika və sxematikliyi seçilir. Hüseyn Haqverdiyev yaradıcılığında daşa heç də sakral, müqəddəslik kimi məziyyətlərinə görə müraciət etməmiş, əksinə bu material vasitəsilə “Varlığın mahiyyəti”, “İnsanı daim düşündürən suallara cavab axtarmaqdır” kimi yanaşmışdır. “Biz kimik və ya nəyik?”, “Bizim varlığımızın səbəbi, məqsədi nədir” bütün bu mülahizələr haqqında düşünülmüş fəlsəfi tutumlu heykəl kompozisiyalarında rəssam eyni zamanda daşı rəngləyərək öz daxili emosional aləmini rənglər vasitəsilə ifadə etmişdir. Heykəltəraşlıqda materialın fakturası rəngi kimi çıxış edir, lakin tarixə nəzər saldıqda Kamboca, Misir heykəlləri, eləcə də Sofi Həmid pirinin qəbirstanlığında qəbir daşları mineral boyalarla boyanmışdır. Doğrudur ki, bütün bu rənglər özü də kultla bağlı olub sakral məna daşıyır, ancaq H.Haqverdiyev “Daş” adlı silsilə əsərlərində rəngkarlıq, qrafika, heykəltəraşlıq kimi sahələri üzvi şəkildə sintezini təqdim etmişdir. Burada sənətkar daşlarla xüsusi Abşeron daşı ilə dioloq əsnasında hissiyyat baxımından bir-birini tamamlayan və qarşılıqlı cazibə qüvvəsinə malik Yer kürəsində kiçik daş qalaktika məkanını yaratmışdır.

Hüseyn Haqverdinin “Hüdudları aşaraq” adlı layihəsi isə Venesiya Biennalisində təqdim olunmuşdur. Rəssamın dialoq sistemi daha da inkişaf edərək yeni bir müstəvidə özünü göstərmişdir. H.Haqverdiyev zaman körpüsü konseptini qara rəngə boyadığı ağac instalyasından ibarət labirint ekspozisiyasında göstərmişdir. Nonkonformist rəssamların, eləcə də 1950-70-ci illərin Azərbaycan rəssamlarının yaşadığı məhdudiyyətləri, mənəvi iztirabları bizim dövrümüzə daşımışdır. Qara rəngin dominantlığı – qara xaos H.Haqverdiyevin atasının rəssam qrafik Həsən Haqverdiyevin yaşadığı Stalin rejiminin qaranlıq sisteminə metaforik yanaşmanı əks etdirir.

Hüseyn Haqverdinin yaradıcılığında “Qırılma” adlı sərgi digər sərgilərindəki yaradıcılıq dioloqlarından fərqlənir. “Qırılma” layihəsində qarışıq texnikada icra edilmiş müxtəlif təsviri sənət növləri heykəltəraşlıq, qrafika, rəngkarlıq əsərlərində “Rəngin təbiətini hədəf alan tədqiqat” kimi də qiymətləndirmək olar. Burada cizgilər, linear xəttlər, rənglər sanki bir-birilə dialoqa girərək insanı fərqli bir dünyaya yönəldir. Zəncirvari reaksiya şəklində suallar yaradan bu silsilə Postmodernizm dövrünə həyəcan bəxş edən fikirlər oyadır.

Lyonel Feininger adlı rəssamın kubofuturizm üslubu Hüseyn Haqverdiyevin fərdin yaradıcılıq manerası ilə birləşərək abstrakt-mücərrəd sənət dünyasını daha zənginləşdirərək rəssamın tamaşaçıya ötürmək istədiyi dərin, ekspressiya ilə aşılanmış sətiraltı bədii ifadə qüvvəsinə və məna nəzmun yükünə malik olan əsərləri üzərində düşünməyə vadar edir. Rəssamın zəngin təfəkkürünün əksi olan sənət nümunələri içərisində “Qırılma” silsiləsindən “Fazalar” adlı kompozisiyasında mifoloji dünyagörüşünün düşündürücü fəlsəfi tutumu ilə nəzəri cəlb edir. Vasili Kandinski, Kazimir Maleviçin mücərrəd abstrakt aləminin və texnikasının daha da təkmilləşmiş təqdimatı burada kolorit yəni rəng həllində özünü göstərir. Müxtəlif kontekstlərdən yanaşıldıqda rəssamın sanki “Dəhşətli” məhkəmə gününə rəng simvolikası vasitəsilə yanaşması özünü göstərir. Azərbaycanın “Multikulturalizm mühitində” müxtəlif dinlərə tolerant münasibət bu silsilədə özünü göstərir. Burada sanki əlini çarpaz şəkildə açmış, özünü taleyin hökmünə bəxş etmiş insan fiquru stilizə olunmuş “Qədim insan təsvirləri”ni xatırladır. Çox vaxt xristian mifologiyasına əsasən ağ rəng İsa Məsihin paklığını, qırmızı rəng İsa Məsihin iztirabını və qanı simvolizə edir. Qara rənglə işlənmiş dikt lövhə üzərində təsvir olunmuş bu təsvirlər Təbiətdən-Yaranışdan qopmanı əks etdirir. İkona rəngkarlıq sənətinə novatarcasına yanaşma burada əks olunmuşdur. Şəxsiyyət daxili konfliktlərin insana vurduğu zərbə bu əsərin leytmotivini təşkil edir.

Monumental sənət sahəsində Müqəddəs Məryəmin daşdan heykəlini xüsusilə ilə qeyd etmək lazımdır. Öz plastik həllinə görə mürəkkəb kompozisiya həlli ilə seçilən bu heykəldə Məryəm Ananın paklığı, saflığı, nəcib hisslər tərənnüm edilmişdir. Daşdan yonulmuş bu heykəlin hündürlüyü təxminən 5 m-dir. İri həcmli formaları, hisslər arası mütənasiblik, portret cizgilərində sükunət hissi öz təcəssümünü tapmışdır. Bədii ümumiləşdirmələr apararaq H.Haqverdi Məryəm Ananın obrazında miqyas, forma, həcm, ritm arasında mütənasibliyi uğurla tapmışdır.

Hüseyin Haqverdiyevin yaradiciliq axtarışları materializm ve idealizm fəlsəfəsi arasında körpü rolunu oynayır.

Böyük partlayış  nəzəriyyəsindən irəli gələn kainatda metal, daş kimi nəsnələr üzerində rəssam tərəfindən icra edilmiş əsərlər fəlsəfi yaradıcılıq axtarışlarının sadəcə bir hissəsidir. Ressam Hüseyn Haqverdiyevin yaradıcılıq axtarışlarını önce metal sonra daş üzərində icra etməsi bunu bir daha sübut edir. İnsan yarandığı gündən daim varlıq haqqında mülahizələr yürüdür. İnsanın qədim dövrdən müasir dövrümüzədək eləcə də gələcək nəsillərin də üzərində düşünəcəyi aktual məsələ olaraq qalacaqdır. Biz sanki bir-birimizə ve eyni  zamanda kosmosla paralel aləmlərdə yaşayırıq ve öz  yaratdığımız tesevvür etdiyimiz reallığı dərk edirik. Müxtəlif koqnitiv aləmlərdə yaşayan insan kainatdakı dərkedilməzliyi, mücərrəd məfhumları anlamağa çalışır. Bütün bu xüsusiyyətlər ressam Hüseyn Haqverdinin əsərlərinin leytmotivini teşkil edir. Ressam bir çox fərdi proyeksiyalardan ibarət olan “həyatın kadrlaşmış” ani məqamının mürəkkəbliyini translyasiya edərək tamaşaçını fərqli, mücərrəd, deformasiyaların mövcud olduğu unikal təsvirlərlə qarşılaşdıraraq onlar vasitəsi ilə dialoqa nail olmuşdur. Rəssam H.Haqverdinin postmodernist fəlsəfi yanaşma manerası əsərlərində xüsusi ile heykeltəraşlığında tezahür edir. Postmodernizm keçmişə tarixə yeni münasibətin tərəfdarıdır. Postmodernizmdə bütün sərhədlər ortalıqdan götürülür. Fəlsəfə, mədəniyyət, incəsənət, memarlıq və başqa anlayışlar bir-biri ilə qarışır. Artıq bunları ayrı – ayrı cərəyanları deyil, özləri bir – birinə qarışır, sinkretikaya çevrilir. Postmodernizmdə varlığın və şeylərin mahiyyətinə varılmır, hər şey dərinliklərinə və incəliklərə önəm vermədən qavranılır. Ressam Hüseyn Haqverdi tesviri incesenet növleri arasındakı ferqlilikləri, üslubları üzvi şəkildə dialektik vəhdətdə təqdim edir.

Onun yaradıcılığında postmodernizm ile yanaşı sinergetikanın elmi nəzəri prinsipləri sinxronlaşma ve harmoniya hissinin qabardılması əsərlərin felsefi konsepsiyasını, arxetipik lakonizmini artırmaqdadır. Məqsəd nədir? Necə olur ki, çoxsaylı elementi olan sistem hansısa gücün təsiri altında xaotik durumdan nizamlı hərəkətə keçir? Sinergetika məhz belə çoxtərkibli elementlərdən ibarət sistemin çoxhərəkətli nizamını, harmoniyasını öyrənir.

Rəssamın “Başka şeher”, “Daş” adlı layihələrində xaosdan yaranan nizamlılıq qrafika  silsilələrində özünü daha qabarıq göstərir. İncəsənətdə postmodernizm ve sinergetika  Hüseyn Haqverdinin yaradıcılığında öz dolğun ifadəsini tapmışdır. Bu sadalanan xüsusiyyətlər rəssam H.Haqverdinin zəngin bədii təfəkkürünü əks etdirir.

Əbdürrəhmanova Nərgiz 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Hüseyn Haqverdiyev yaradıcılığı

Yaratdığı əsərlərə ruh vere bilmək, ideyaya uyğun xarateri ortaya qoymaq hər  rəssamın yaradıcılığında sahib olmaq istədyi bir cəhətdir. Yaradıcılığı ilə müasir Azərbaycan incəsənətində özünəməxsus yerə sahib nümayəndələrindən biri də Hüseyn Haqverdiyev öz sənət fəaliyyəti ilə buna müvəffəq ola bilən rəssamlardandır.  Hüseyn Haqverdiyev dünyanı, ətraf aləmi dərk etdiyi ilk günlərdən sənət də onunla  bu həyat yolunda birgə addımlağa başlamışdır. İncəsənət onun həyatının ən önəmli hissəsinə çevrilmişdir. Burda  təbii olaraq lap erkən yaşlarından onu əhatə edən yaradıcı mühitin də böyük rolu olmuşdur.   Hüseyn Haqverdiyev 1956-cı ildə Ucarda, rəssam Həsən Haqverdiyevin ailəsində dünyaya gəlmişdir. 1958-ci ildə  Həsən Haqverdiyevin ailəsi Bakıya köçür və burada dövrün bir çox rəssam və heykəltəraşları kimi  “Rəssamlar binasında”  yaşamağa başlayır. Həm rəssam ailəsində  böyüməklərini, həm də erkən yaşlardan yaradıcı mühitlə iç-içə olmaqlarını nəzərə alsaq Həsən Haqverdiyevin ailəsindən Ucal Haqverdiyev və Hüseyn Haqverdiyev kimin atasının yolunu davam etdirən istedadlı sənət ustalarının  yetişməsi heç də təəccüblü deyil.   Hüseyn Haqverdiyev məktəbi bitirdikdən sonra Əzim Əzim­za­də adı­na Azər­baycan Döv­lət Rəs­sam­lıq Mək­tə­bi­ndə hey­kəl­tə­raş­lıq fakültə­sin­də təh­­­sil al­ır. Daha sonra isə  5 il V.İ.Mu­xi­na adı­na Le­nin­qrad Ali Rəs­sam­lıq Sə­naye Mək­tə­bi­nin me­mar­lıq-de­ko­ra­tiv pla­s­ti­ka fakültə­sin­də təhsilini davam etdirir. Bu illərdə rəssam artıq müstəqil yaradıcılığa can atır. Güclü realistik məktəb keçməsinə baxmayaraq yeniliklərə hər zaman açıq olan Hüseyn Haqverdiyev hələ sosialist realizminin hər sahədə özünü göstərdiyi bir dövrdə avanqardizmə, müasir incəsənətə maraq göstərməyə başlayıb. Hal-hazırda da yeniliyi, müasirliyi öz əsərlərində əks etdirməyə çalışan sənət ustası tam olaraq realizmdən qopmamış, yaradıcılığı boyu lazım gəldikdə bu ənənələr əsasında əsərlər yaratmışdır. Təsviri sənətə bütünlüklə bağlı olan rəssam ali təhsilini heykəltəraşlıq üzrə alsa da  bu sahəni heç də digərlərindən – rəngkarlıqdan və qrafikadan ayırmayan Hüseyn Haqverdiyevin yaradıcılığı çoxşaxəlidir. Belə ki , o bir sənətkar kimi təsviri sənətin həm rəngkarlıq, həm qrafika, həm də heykəltəraşlıq kimi sahələrində çoxlu sayda əsərlər ərsəyə gətirmişdir. Hansı sahədə və ya janrda işləməsindən asılı olmayaraq rəssam öz işlərinə eyni qayğı ilə yanaşır və bunun nəticəsidir ki, Haqverdiyev zəngin yaradıcılığında saysız-hesabsız uğurlu işlərə imza atmışdır. Sənətkar daim işləyir və daim axtarışdadır. Yeni bir ideya gəldiyi anda artıq rəssama bəlli olur ki, gələcək əsər qrafika sahəsinəmi uyğundur, heykəltəraşlıq əsəri olaraqmı daha böyük   müvəffəqiyyət qazanacaq və ya öz əksini rənglərləmi daha dolğun ifadə edə biləcək. Burada istifadə olunan texnikanın və seçilmiş materialın da çox böyük önəmi vardır. Hər bir əsərə onun ruhuna uyğun materialın seçilməsi sənətkarın plastika nümunələrində nəzərə çarpan diqqətəlayiq xüsusiyyətlərdəndir. Lakin Hüseyn Haqverdiyevin yaradıcılığına nəzər saldığımız zaman bir material kimi daşdan istifadəyə xüsusilə önəm verdiyinin şahidi ola bilərik. Keçmişin tarixi izlərini özündə əks etdirən daşların üzərində işləyən heykəltəraş plastika sənətinin qədim ənənələrinə əsaslanaraq onu yenidən mənalandırır və müasirliklə vəhdətini təşkil edərək təqdim edir. Müa­sir İn­cə­sə­nət Mu­zey­in­də “Daş” ad­lı fər­di sə­rg­isində nümayiş olunan əsərlərə diqqət yetirdikdə bunu aydın şəkildə görmək olar.

Əliyeva Ülkər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi

Hüseyn Haqverdiyev yaradıcılığında ənənə və müasirliyin vəhdəti

Gözəlliyi görən və duyan bir varlıq olaraq dünyaya gələn insan övladı, gözəl səslər, simalar, əsərlər qarşısında birdən-birə həyəcanlanır, ruhu titrəyər. Sanki onu daha əvvəl görmüş, tanıyırmış kimi heyranlıq duyur. Hüseyn Haqverdiyevin yaradıcılığını araşdırdığınız zamanı bu hissləri duymamağınız mümkün deyil. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” adlı layihə çərçivəsində 18 aprel 2017 tarixində dəyərli rəssamımız Hüseyn Haqverdiyevla maraqlı görüşümüz oldu. Söhbətimiz zamanı sənətkara yaradıcılığının bədii xüsusiyyətləri haqqında suallarımız oldu. O da bütün səmimiyyəti ilə cavablandırdı.

Aktual sənətkarlar içində özünəməxsus fərdi üslubu ilə seçilən Hüseyn Haqverdiyev təsviri sənətin bir çox növündə özünü sınamış və bunun öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Kiçik yaşlarından onu əhatə edən atası Həsən Haqverdiyevin sənət aləmi gələcəkdə istedadlı sənatkarın yetişməsində əsas mənəvi qaynaq olmuşdu. Sənətin gücünü bütün varlığında hiss edərək müxtəlif üslublarda və texnikalarda ərsəyə gətirilən əsərlər sənətkarın daxili aləmindən keçərək yeni nəfəs qazanır. Görkəmli sənətkarın milli və dünya yapma sənətinin ənənələrindən bəhrələnərək meydana gətirdiyi heykəllər onu əhatə edən mühitlə qovuşaraq daha dərin məzmun ifadə edir.

Sənətkarın yaradıcılığında müasir və ənənəvi tendensiyaların vəhdəti müşahidə olunur. Qədim plastika sənəti aktual rəssam kimi Hüseyn Haqverdiyevin sənət dünyasında forma və material baxımından təzahür edərək, yeni axtarışlar zəminində formalaşan manera ilə ahəngdar şəkildə qarışaraq fərdi ifadə üslubunun əsasını təşkil edir. Çağdaş cizgilər, cəsur və canlı rənglər, mücərrəd formalar, lakonik ifadə tərzi heykəltəraşın digər sənətkarlardan ayıran, fərqli edən əsas üslub xüsusiyyətləridir. Bir çox sərgi və layihələrdə iştirak edən Hüseyn Haqverdiyevin uğurlu işlərindən biri Venesiya Biennalisində iştirakı zamanı nümayiş olunan “Hüdudları aşaraq” adlı əsəridir. Sənətsevərlərdə böyük maraqla qarşılanan bu layihə ideya və forma baxımından heykəltəraşın bilgi və bacarığının təzahürü idi.

Kərimli Nərmin

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2-ci kurs magistratura tələbəsi

HÜSEYN  HAQVERDİYEV YARADICILIĞI

XX əsr Azərbaycan təsviri sənətinin inkişafında və onun yeni-yeni bədii-estetik məziyyətlərlə zənginləşməsində Hüseyn Haqverdiyevin  əvəzsiz rolu olmuşdur. Yurdumuzun dilbər guşələrindən birində 1956-cı ildə Ucar rayonunda rəssam Həsən Haqverdiyevin ailəsində dünyaya gəlmişdir. 1971-75-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin “Heykəltəraşlıq” fakültəsini, 1975-80-ci illərdə isə Vera Muxina adına Ali Bədii Sənaye Məktəbinin “Memarlıq-Dekorativ Plastika” fakültəsini bitirmişdir. 1980-ci ildən sərgilərin və simpoziumların fəal iştirakçısı olan rəssam Təsviri sənətin müxtəlif növlərində qrafika, rəsm, heykəltəraşlıq əsərləri yaratmaqdadır. Cəlal Qaryağdının plastika sənətinin müxtəlif janrlarında yaratdığı əsərlərlə incəsənət tariximizdə dərin iz saldığı danılmazdır. Təsviri sənətin müxtəlif növləri və ifadə vasitələrindən istifadə edən rəssam əsasən monumental səpgidə, iri həcmli formaları ilə seçilən əsərlərə üstünlük verir, bununla bağlı tamaşaçıya kodlaşmış vizual informasiyanı ötürərək onu düşünməyə, mülahizə yürütməyə vadar edir.Rəssamın əsərləri müasir incəsənətin müəyyən tendensiyalarını özündə əks etdirir. Dolğun rəng təzahürləri əsərlərdə ahəngdarlıq yaratmışdır. Qarışıq incəsənət texnikasından istifadə edən rəssam “Qırılma” layihəsində qarışıq texnikada icra edilmiş müxtəlif təsviri sənət növləri heykəltəraşlıq, qrafika, rəngkarlıq əsərləri işləmişdir. Monumental sənət sahəsində Müqəddəs Məryəmin daşdan heykəlini xüsusilə ilə qeyd etmək lazımdır. Hüseyn Haqverdiyevin dəmir, daş kimi istifadə etdiyi maddələr tamaşaçıya çatdırmaq istədiyi fəlsəfi axtarışların göstərici nümunəsi hesab olunur. Rəssam yaradıcılığında mucerred mefhumlari anlamaga çalışır və bununla bağlı əsərlər yaardır.İnsan, varlıq anlayışları haqqında daim müxtəlif mülahizələr söylənmişdir. H.Haqverdiyevin əsərləri də məhz bunu simvolizə edir. Hüseyn Haqverdinin “Hüdudları aşaraq” adlı layihəsi isə Venesiya Biennalisində təqdim olunmuşdur. Rəssamın dialoq sistemi daha da inkişaf edərək yeni bir müstəvidə özünü göstərmişdir.

Hüseynli Elçin

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası IV kurs Sənətşünaslıq tələbəsi

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma